SİYASƏT
Çində Ulu Öndərin xatirəsi anılıb VİDEO
Pekin, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Əkrəm Zeynallı çıxış edərək müasir Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin siyasi müdriklik və uzaqgörənlik, böyük idarəçilik istedadı ilə ölkəmizi siyasi fırtınaların cəngindən xilas edərək sabitlik, inkişaf, firavanlığa çıxardığını deyib. Heydər Əliyev xalqın dəstəyi və sədaqəti ilə Azərbaycanı yenidən qura bildi.
Diplomat xarici dövlətlərin liderlərinin Heydər Əliyevə olan səmimi münasibətlərindən söz açaraq deyib ki, bir çox ölkənin başçısı mürəkkəb məsələlərlə bağlı ondan tövsiyə və məsləhət alırdılar.
Qeyd olunub ki, Ulu Öndərin Azərbaycan xalqına əmanət qoyduğu irsi Prezident İlham Əliyev uğurla davam etdirir, ölkəmizin müstəqilliyini, suverenliyini daha da möhkəmləndirir. Azərbaycan xalqı da həmin irsə həssaslıqla sahib çıxaraq, müstəqil dövlətimizə, dövlətçiliyimizə, onun rəhbərinə etimadını, sədaqətini davam etdirir. Elə bunun nəticəsidir ki, Azərbaycan hazırda Ulu Öndərin görmək istədiyi bir dövlətə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün davam edən "Dəmir yumruq" adlı əməliyyatı - Vətən müharibəsi nəticəsində 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etməsi dahi lider Heydər Əliyevin vəsiyyətinin, arzusunun yerinə yetirilməsidir. Hər bir azərbaycanlı, Azərbaycanı sevən bu Qələbə ilə qürur duyur. Azərbaycan bundan sonra da Heydər Əliyevin yolu ilə gedəcək, ölkəmiz daha da güclənəcək, hər kəsin həsəd aparacağı bir dövlət olacaq. Bu yolda öz lideri ilə əmin addımlarla irəliləyən Azərbaycanı heç bir qüvvə dayandıra bilməz.
Sonda Ulu Öndərin həyatına, xüsusən də onun Qarabağ məsələsinə dair fəaliyyətinə dair film nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin