DÜNYA
Çində "Qızıl həftə"də 515 milyon səyahət qeydə alınıb
Pekin, 8 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) yaranmasının ildönümü münasibətilə elan olunmuş 7 günlük bayram tətili günlərində (1-7 oktyabr) ölkə daxilində təxminən 515 milyon turist səfəri qeydə alınıb.
AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu, pandemiyadan əvvəlki son bayram tətilində (2019-cu il) qeydə alınan rəqəmin 70 faizini təşkil edib. Bayram günlərində ölkənin turizm sektorunda dövriyyə 389 milyard yuana (təxminən 60,38 milyard ABŞ dolları) çatıb ki, bu da 2019-cu ildəki rəqəmin təxminən 60 faizi olub.
Pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərə görə xaricə turist səfərləri demək olar ki, qeydə alınmayıb. Çünki həm aviabiletlərin baha olması, həm də Çinə qayıdarkən 21 günlük məcburi və ödənişli karantin şərtləri çinliləri xaricə səyahət etməkdən çəkindirib. Halbuki pandemiyadan əvvəlki dövrdə xaricə səyahət edənlərin illik sayına görə çinlilər dünyada birinci idilər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin