ELM VƏ TƏHSİL


Çində akademik adı almağın şərtləri Nobel mükafatı almaqdan daha çətin və ağırdır – Dünyanın elm təcrübəsindən VİDEO

Pekin, 23 fevral, AZƏRTAC

Kağız, kompas, barıt və çap texnologiyası kimi bir çox ixtiraların vətəni Çin hesab olunur. Bu ənənələr müasir dövrdə də davam edir. İqtisadiyyat, tibb və digər sahələrə elmi əsasda yanaşmalar Çin Xalq Respublikasının inkişafında mühüm rol oynayır.

AZƏRTAC-ın xüsusi müxbiri Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi olan həmvətənimiz, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev ilə Çində elmin tarixi, müasir dövrdə elmi-tədqiqat mərkəzlərinin fəaliyyəti, elmlər akademiyalarının təşəkkülü, strukturu, fəaliyyət istiqamətləri və əsas hədəfləri ilə bağlı söhbət edib. Müsahibəni təqdim edirik.

- Aqşin müəllim, uzun illər Çində təhsil alan, bu ölkənin elm və təhsil qurumları ilə yaxından əməkdaşlıq edən alim kimi Çində elmin inkişaf tarixi haqqında məlumat verərdiniz.

- Çin dünyanın ən qədim elmi ənənələri olan dövlətlərindən biridir. Hələ eramızdan əvvəl 1600-cü ildə bərqərar olmuş Şanq sülaləsi dövründə riyaziyyat elminin ilk işartıları görünür, Misir və ərəb sistemlərindən fərqli onluq sistemi artıq o dövrdə tətbiq edilirdi. Daha sonra Vuruşan Padşahlıqlar, Çin, Cənub-Şimal, Sui, Tanq dövrləri elmi-texniki tərəqqi ilə yadda qaldı. Çin elminin ixtiraları olan kağız, kompas, barıt və çap texnologiyası bütün dünya tərəfindən qəbul olunur. Hələ qədim dövrlərdən kənd təsərrüfatı və tibb sahəsində tətbiq olunan texnologiyalar Çinin bir dövlət kimi formalaşmasında müstəsna rol oynayıb. Çin təbabəti bu gün də dünyada ən güvənilən qədim təbabət növlərindəndir. II əsrdə yaşamış cərrah Hua Tuo dünyada ilk anasteziyadan istifadə edən həkim kimi tarixə düşüb.

Qədim Çin filosofları Konfutsi, Laocı, Mınqcı, Mocı, Hanfeycı, Suncı və onlarla digər alimin elmi irsi nəinki çinlilərin dünyagörüşünə, eləcə də Asiya məkanında bir çox xalqların həyat tərzinə və dünyagörüşünə dərindən təsir edib. Onların yaradıcılığı dünya ictimaiyyəti tərəfindən bu gün də öyrənilir, tərcümə olunur və yayılır. Bu da bir həqiqətdir ki, müasir Çin elmi öz qaynağını qədim köklərindən götürür. Ümumiyyətlə, əcdadlarının irsinə sadiqlik Çin xalqının xüsusiyyətlərindəndir. Məsələn, Çin yazısı-heroqlifləri Çin xalqının milli zəkasının məhsuludur. Bizə məlum olan ən qədim heroqlif-yazının 3300 il yaşı var. Olduqca mürəkkəb bir yazı sistemi olan heroqliflər çox sərt daxili qayda-qanunlara tabedir. Min illər ərzində bu heroqliflər müxtəlif siyasi qərarlarla sadələşdirilib, formasını dəyişib, amma öz kökündən ayrılmayıb. Dünyada davamlı tətbiq edilən yeganə yazı sistemi olan heroqliflər bu gün də Çin xalqı tərəfindən qürurla istifadə olunur.

- Hazırda Çində elmin vəziyyəti, elmlər akademiyalarının fəaliyyəti barədə nə deyə bilərsiniz?

-İlk növbədə qeyd edim ki, Çində elmlər akademiyaları əsas beyin mərkəzləri sayılır. Elmi tədqiqat sahələrinə görə akademiyalar bir neçə qrupa bölünüb və hər biri müstəqil fəaliyyət göstərir. Birbaşa Çin Dövlət Şurasına tabe olan üç akademiya var. Çin Elmlər Akademiyası dəqiq və təbiət elmləri, İctimai Elmlər Akademiyası fəlsəfə və digər bütün humanitar elmlər, eləcə də iqtisadiyyat üzrə tədqiqatlarla, Mühəndislik Akademiyası müvafiq texnologiyaların tədqiqi və tətbiqi ilə məşğuldur. Bundan başqa, müxtəlif nazirliklərin və dövlət komitələrinin nəzdində ixtisaslaşmış tədqiqat institutları və ya akademiyalar fəaliyyət göstərir. Bunlara Tibb Elmləri Akademiyası, Kənd Təsərrüfatı Elmləri Akademiyası, Su Resursları və Su Enerjisi İnstitutu, Elektrik Mühəndisliyi Akademiyası, Hərb Elmləri Akademiyası və digərlərini misal göstərmək olar. Adını çəkdiyim institut və akademiyaların əsas missiyası tədqiqatdır. Amma müəyyən ixtisaslar üzrə məhdud sayda magistrant və doktorant qəbulu da həyata keçirilir.

Dövlət Şurasının tabeliyində olan akademiyalar barədə bir neçə kəlmə danışaq. Çin Elmlər Akademiyası 1949-cu ildə Çin Xalq Respublikası ilə eyni ildə yaranıb. Bir neçə il sonra özündə həm də fəlsəfə və bəzi humanitar elmləri birləşdirib. Ölkənin təbiət və dəqiq elmlər sahəsində ən böyük kəşf və ixtiraları məhz bu elm ocağı ilə bağlıdır. ÇEA ölkə elminin, iqtisadiyyatının inkişafında, dövlətin beynəlxalq elmi və iqtisadi müstəvidə öz yerini tutmasında müstəsna rol oynayıb. Çinin dünyaya təqdim etdiyi bir çox texnoloji yeniliklər məhz burada çalışan alimlərinin yorulmaz əməyinin nəticəsidir. Hazırda akademiyanın 100-dən çox tədqiqat institutu, 130-dan artıq laboratoriyası, 11 şəhərdə filialları fəaliyyət göstərir. Eyni zamanda, onun nəzdində üç universitet var: Çin Elm və Texnologiya Universiteti, Çin Elmlər Akademiyası Universiteti və Şanxay Texniki Universiteti. Təxminən 70 minlik alim ordusu ilə ÇEA bu gün ən mühüm elmi-texniki nailiyyətlərə imza atmaqdadır.

1977-ci ildə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Fəlsəfə və sosial elmlər departamenti Çin Elmlər Akademiyasından ayrıldı və beləliklə, Çin İctimai Elmlər Akademiyası (ÇİEA) yaradıldı. O, hazırda Çinin ən mühüm beyin mərkəzidir. Pensilvaniya Universitetinin “Qlobal Beyin Mərkəzi İndeksi 2020” hesabatına görə, ÇİEA dünyada 38-ci yerdə, Asiyada isə 11-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, bu hesabata hər il daha çox Çin beyin mərkəzi daxil olur. Sözü gedən akademiyada demək olar ki, ictimai elmlərin bütün sahələrini əhatə edən 31 tədqiqat institutu və 45 tədqiqat mərkəzi fəaliyyət göstərir.

Yaxud 1994-cü ildə yaradılmış Çin Mühəndislik Akademiyası ölkə əhəmiyyətli layihələrinin tədqiq və tətbiq olunmasında əsas rol oynayır.

Ümumiyyətlə, ÇXR-də elmlər akademiyaları fəaliyyətlərini ölkənin siyasi ideologiyası və tələbləri ilə mütləq şəkildə uzlaşdırır və buna operativ reaksiya verirlər. Eləcə də Çin hökuməti gələcək strateji yol xəritəsini müəyyən edərkən alimlərin tədqiqat və hesabatlarından geniş istifadə edir.

Hər bir akademiyanın müxtəlif şəhərlərdə filialları fəaliyyət göstərir. Onlar nisbətən muxtar statusa malik olsalar da, siyasi və elmi-ideoloji qərarlar yenə də mərkəz tərəfindən verilir.

Çində akademik adı almaq kifayət qədər mürəkkəb və ağır bir prosesdir. Maraqlı bir faktı qeyd edim, 2015-ci ildə Çin tarixində ilk dəfə əczaçı alim Tu Youyou malyariyaya qarşı effektiv müalicə üsulu kəşf etdiyinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görüldü. Amma bu xanım alimin akademikliyə namizədliyi bir neçə dəfə Çin Elmlər Akademiyası tərəfindən qəbul edilməmişdi. Çünki o, Nobel mükafatı almasına baxmayaraq, Çinin akademik adı almaq üçün irəli sürülən şərtlərinə cavab vermirdi. Göründüyü kimi, Çində akademik adı almağın şərtləri Nobel mükafatı almaqdan daha ağırdır. Bu fakt Çin ictimaiyyəti tərəfindən hazırda da geniş müzakirə olunmaqdadır.

Əslində Çinin bir çox dünya səviyyəli görkəmli alimləri var ki, ömürlərinin sonuna qədər akademik adı ala bilməmişlər. Dünyada ilk dəfə hibrid düyünü kəşf etməklə milyonlarla insanı aclıqdan qurtaran məşhur seleksiyaçı alim Yüən Lonqpinqi belələrinə misal göstərmək olar. Onun akademikliyə namizədliyi üç dəfə geri qaytarılmışdı. 2021-ci ildə 92 yaşlı alimin vəfatını bütün Çin xalqı böyük hüznlə qarşıladı və o, minlərlə insanın müşayiəti ilə son mənzilə yola salındı. Bu faktlar özlüyündə Çində elmi rəqabətin çox güclü olduğuna dəlalət edir. Çində akademiyaların rəhbər şəxsləri siyasi qərarlarla təyin olunsa da, akademik adı məhz elmi fəaliyyətin müəyyən olunmuş meyarlarına görə verilir.

-Aqşin müəllim, Çinin ali təhsil ocaqları elmi tədqiqatlara nə dərəcədə diqqət ayırır?

-Ümumiyyətlə, Çində elmi tədqiqatlar təkcə elmlər akademiyaları ilə məhdudlaşmır. Hazırda universitetlərdə təhsil və elm paralel şəkildə həyata keçirilir və inkişaf etdirilir. Hər hansı birində axsaqlıq olarsa, bu, universitetin reytinqinə və nüfuzuna təsir göstərir. Bəzi universitetlər tədqiqatyönümlüyü ilə seçilir. Məsələn, Çinin bir nömrəli Çinqhua Universiteti nəinki ölkədə, hətta dünyada ən güclü təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Həmin universitet sonuncu “Quacquarelli Symonds” reytinqində 17-ci yerdə qərarlaşıb, bəzi ixtisaslara görə isə dünya birincisidir.

Demək olar ki, bütün ali təhsil ocaqlarında tədqiqat mərkəzləri, laboratoriyalar fəaliyyət göstərir. Müəllimlərdən təkcə pedaqoji deyil, həmçinin elmi fəaliyyət tələb olunur.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.