CƏMİYYƏT
Çində aşkar edilmiş koronovirus indi də Tailandda üzə çıxıb
Bakı, 14 yanvar, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri Çin və Tailandın hakimiyyət orqanları ilə birlikdə koronovirusun indiyədək məlum olmayan ştammının yayılması ehtimalının təfərrüatını öyrənirlər. Verilən məlumata görə, bu diaqnoz qoyulmuş kişi Tailanda Çinin Uxan şəhərindən gəlib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, həmin infeksiyaya yoluxmuş ilk pasiyent də Uxan şəhərindəndir.
Hazırda həmin adam Tailand klinikalarından birində müalicə olunur və artıq sağalmaq üzrədir. Bu müəmmalı virusa yoluxanlarda yüksək temperatur və ağciyərin zədələnməsi əlamətləri müşahidə olunur.
Koronoviruslar insanlarda adi soyuqdəymədən tutmuş ağır və kəskin respirator sindromadək müxtəlif xəstəliklər törədən böyük viruslar fəsiləsidir.
DST və onun tərəfdarları vəziyyəti izləməyə davam edir və indiyədək məlum olmayan infeksiyanın ocağının yaranması səbəblərinin öyrənilməsində Çinə texniki dəstək göstərirlər. Koronovirus ştammının Çin mütəxəssisləri tərəfindən təqdim edilmiş genetik informasiyası bu ştammı başqa ölkələrdə də operativ identifikasiya etməyə imkan verir. Hazırda ekspertlər infeksiyanın ocağını tapmağa və daşıyıcı ola biləcək heyvanları üzə çıxarmağa çalışırlar.
DST-nin başçısı vəziyyəti Fövqəladə Hallar Komitəsinin üzvləri ilə müzakirə edib. O, yaxın günlərdə iclas çağırmaq niyyətindədir.
Xatırladaq ki, Xubey əyalətinin (Mərkəzi Çin) )inzibati mərkəzi olan Uxan şəhərində viruslu sətəlcəmə və ya pnevmoniyaya yoluxmuş bir nəfərin ölməsi faktı təsdiq edilib. Daha yeddi adamın vəziyyəti ağırdır. İlkin diaqnostika göstərib ki, 40-dan çox adam koronovirusun müəyyən yeni tipinin səbəb olduğu pnevmoniyadan əziyyət çəkir.