DÜNYA
Çində avtomobil satışlarında artım tempi davam edir
Pekin, 17 noyabr, AZƏRTAC
Dünyanın ən böyük avtomobil bazarı olan Çində ardıcıl 7 aydır avtomobil satışlarında artım davam edir.
AZƏRTAC xəbər verir ki, ötən ay ölkədə əvvəlki ilin eyni ayı ilə müqayisədə 12,5 faiz çox – 2,57 milyon avtomobil satılıb. Bu dövrdə ekoloji təmiz avtomobillərin satışı isə 2 dəfədən çox artıb.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasından verilən məlumata görə, ölkədə pandemiyanın mənfi təsirlərinin azalması fonunda iqtisadiyyatın bərpası avtomobil bazarının canlanmasına səbəb olub. Qlobal avtomobil istehsalçıları, o cümlədən “Toyota” və “Honda” Çindəki satışlardan yüksək qazanc proqnozlaşdırıb.
Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışlarında azalma müşahidə olunub. 2018-ci ildə satış əvvəlki illə müqayisədə 2,8 faiz, ötən il isə 8,2 faiz azalıb. Cari ilin birinci rübündə pandemiya səbəbindən ölkədə həm istehsal, həm də satışlar xeyli azalmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin