DÜNYA
Çində ay təqvimi ilə yeni il başlayıb
Pekin, 5 fevral, AZƏRTAC
Şərq ölkələrinin ay təqvimi ilə bu gün – milad təqvimi ilə fevralın 5-i Yeni ilin ilk günüdür.
AZƏRTAC xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.
Çin zodiak sisteminə əsasən, bu il donuz ilidir. Donuz xoş güzəran, var-dövlət rəmzi sayılır.
Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.
Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə, bayram süfrəsində boş yer olmamalıdır. Çinlilərin sadiq qaldığı bir neçə adət var. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir. Festival günlərində müxtəlif mərasimlər, şənliklər təşkil olunur.
Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək ölkə daxilində və xaricə gəzməyə gedirlər. Elə bu səbəbdəndir ki, festival ərəfəsində və bayram günlərində nəqliyyatda böyük sıxlıq müşahidə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin