DÜNYA
Çində bu il 5G şəbəkəsi üçün 600 mindən çox baza stansiyası quraşdırılacaq
Pekin, 6 iyun, AZƏRTAC
Çin 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi üzrə il ərzində 600 mindən çox baza stansiyası quraşdırmağı hədəfləyib.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi Lu Çunçon ölkədə 5G şəbəkəsi üzrə ilk lisenziyanın verilməsinin ildönümünə həsr olunan onlayn konfransda deyib. Bu plan yerinə yetiriləcəyi təqdirdə Çində prefekturadan yuxarı səviyyədəki bütün şəhərlər 5G şəbəkəsi ilə əhatə olunacaq.
Lu Çunçon Çinin mobil rabitə operatorlarının indiyədək təxminən 250 min 5G baza stansiyası quraşdırdıqlarını, bu şəbəkədən istifadə edənlərin sayının 36 milyona çatdığını açıqlayıb. Bildirib ki, Çində indiyədək yeni şəbəkəni dəstəkləyən 60 milyon ədəd smartfon mağazalarda satışa çıxarılıb. İlin sonundək bu rəqəmin 180 milyona çatacağı gözlənilir.
Çinin Sənaye və İnformasiya Texnologiyaları naziri Miao Vey bir neçə gün əvvəl bildirmişdi ki, koronavirus böhranı xüsusən yanvar-fevral aylarında ölkədə 5G şəbəkəsi üzrə quraşdırma işlərinə mənfi təsir göstərib. Buna baxmayaraq, mobil rabitə operatorları, habelə sənaye, nəqliyyat, tibb sahələrini əhatə edən şirkətlər işlərin cədvəl üzrə planlaşdırılan qaydada getməsi üçün səylərini artırıblar.
Qeyd edək ki, ötən il oktyabrın 31-də Pekində keçirilən illik beynəlxalq poçt və telekommunikasiya sərgisi çərçivəsində Çinin üç mobil rabitə operatoru abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başladıqlarını elan edib. Mobil rabitə operatorları noyabrın 1-dən etibarən müvafiq internet paketlərini satışa çıxarıblar. Cari il yanvarın 16-da isə Çinin “GalaxySpace” şirkətinə məxsus ilk özəl 5G peyki orbitə çıxarılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin