DÜNYA
Çində əhali yaşlanır
Bakı, 5 avqust, AZƏRTAC
Uzun illərdir tətbiq edilən “tək uşaq” siyasətini ləğv edən Çində ötən ilin statistikasına əsasən, yaşı 60 və yuxarı olan şəxslərin sayı 230 milyonu keçib.
AZƏRTAC CNN Türk-ə istinadən xəbər verir ki, ölkə əhalisinin 16,7 faizinin (230 milyon 800 min nəfər) yaşı 60 və ondan yuxarıdır. Yüz əlli milyon üç yüz min nəfərin isə yaşı 65-i ötüb. “Tək uşaq” siyasəti ləğv ediləndən sonra ölkədə ötən il 17 milyon 860 min uşaq dünyaya gəlib.
1,37 milyard nəfərlə əhalinin sayına görə dünyada birinci olan həmin Şərqi Asiya ölkəsində 2030-cu ildə 1,45 milyard nəfərin yaşayacağı bildirilir.
Çinin ailə planlaması və tək uşaq siyasəti ölkənin sürətlə artan əhalisini nəzarət altına almaq üçün 1970-ci illərdə pilləli olaraq tətbiq edilib və şəhərlərdə yaşayan ailələrə tək uşaq məhdudiyyəti qoyulub. Kəndlərdə yaşayan ailələrə isə ilk uşaqlarının qız olması halında ikinci uşağa icazə verilib.
Ölkədə 2016-cı il yanvarın 1-də “iki uşaq siyasəti” təsdiq edilib. Ölkə rəhbərliyi yaşlanan əhalinin iqtisadiyyata mənfi təsiri və işçi qüvvəsinin sürətlə azalması səbəbindən şəhərlərdə və kəndlərdə yaşayan bütün cütlərə şərtsiz iki uşaq sahibi ola bilmə haqqı tanıyıb.