DÜNYA


Çində güclü yağışın fəsadlarından ölənlərin sayı 12 nəfərə çatıb VİDEO

Pekin, 29 iyun, AZƏRTAC

Çinin Siçuan vilayətində 3 gündür davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 12-ə çatıb. Daha 10 nəfər isə itkin düşüb.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, şiddətli yağışlar əsasən Miennin qəzasında ciddi fəsadlar, o cümlədən sel, daşqın, torpaq sürüşməsi və palçıq axını törədib. Nəticədə evlər, inzibati binalar, yollar və körpülər dağılıb, əkin sahələri su altında qalıb. Elektrik xətlərinə böyük ziyan dəyib. İhay qəsəbəsində sel və daşqın səbəbindən 10 nəfər ölüb, 7 sakin isə itkin düşüb. Qaoyan rayonunda isə daşqın 2 avtomobili çaya salıb ki, nəticədə 2 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Hazırda itkin düşənlərin axtarışları davam edir. Hər iki yaşayış məntəqəsi üzrə 8 minə yaxın sakin təxliyə edilib. Bəzi yerlərdə dəmir yolu xətləri su altında qalıb və qatarlar hərəkətini davam etdirə bilməyib.

Dövlət Meteorologiya Xidməti qarşıdakı günlərdə Cıcian, Anhuy, Hubey, Ciansi, Hunan, Guycou, Yünnan, Hıbey və Şandun vilayətlərində də şiddətli yağışların olacağını proqnozlaşdırıb. Yerli hökumətlərə təbii fəlakətə hazır olmaq göstərişi verilib. Açıq məkanlarda iş fəaliyyətlərinin dayandırılması tövsiyə olunub.

Qeyd edək ki, mayın son günlərindən başlayaraq Çində mövsüm yağışları ciddi fəsadlar törədib. Bir neçə çayda və su anbarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin təbii fəlakət baş verən yerlərdə ilk növbədə əhalinin qorunması və xilası, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıq verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.