İDMAN


Çində keçiriləcək Hərbçilərin 7-ci Dünya Oyunlarının atletlər kəndi istifadəyə verilib

Pekin, 12 oktyabr, AZƏRTAC

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) Çinin Uxan şəhərində keçiriləcək Hərbçilərin 7-ci Dünya Oyunlarının atletlər kəndi istifadəyə verilib.

AZƏRTAC Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, Xuancia gölünün kənarında yerləşən atletlər kəndi 558 min kvadratmetr sahəni əhatə edir. Kənddə idmançıların yaşamaları və məşq etmələri üçün müvafiq binalarla yanaşı, tibb mərkəzi, bank, mağazalar, fitnes zalı da fəaliyyət göstərəcək. Artıq Çin komandasının üzvləri atletlər kəndinə yerləşiblər.

Oktyabrın 18-dək 27-dək Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki 35 məkanda keçiriləcək Oyunlarda 100-dan çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. Budəfəki Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək ki, bu da hərbçilərin ən böyük dünya oyunları olacaq. Stolüstü tennis ilk dəfə olaraq Oyunların proqramına daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.

Hərbçilərin 7-ci Dünya Oyunları vaxtı iştirakçılara, tamaşaçılara, qonaqlara və jurnalistlərə kömək etmək, habelə oyunların keçirilməsi ilə bağlı şəhərdə digər xidmətələrin göstərilməsinə 236 min könüllü cəlb olunub.

Xatırladaq ki, Koreya Respublikasının Munqyeonq şəhərində keçirilmiş Hərbçilərin 6-cı Dünya Oyunlarında Azərbaycan təmsilçiləri 12 (2 qızıl, 4 gümüş və 6 bürünc) medal qazanaraq komanda hesabında 15-ci yeri tutublar.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.