İDMAN
Çində keçirilən “Tour of Taihu Lake” yürüşü başa çatır VİDEO
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Çində keçirilən sayca 5-ci “Tour of Taihu Lake” yürüşündə çıxışını başa vurmaq üzrədir.
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı 9 mərhələli yarışında 17 kontinental, 3 milli komanda iştirak edir.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, noyabrın 8-də keçirilən 8-ci mərhələdə iştirakçılar 114 kilometr məsafə qət ediblər. Velosipedçilərimizin hamısı finişi mərhələ qalibindən 10 saniyə sonra keçən pelotonun içərisində olublar - 2 saat 41 dəqiqə 45 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Elçin Əsədova məxsusdur - 7-ci yer.
Səkkiz mərhələdən sonra ümumi sıralamada Samir Cəbrayılov 14-cü, Aleksandr Surutkoviç 17-ci, Elçin Əsədov 18-ci, Maksim Averin isə 20-cidir.
Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov 4-cü pillədədir. O, liderə cəmi 2 saniyə uduzur. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov isə 11-ci yerdə qərarlaşır. Komanda hesabında “Synergy Baku” 4-cü pillədədir.
Sabah keçiriləcək sonuncu - 9-cu mərhələdə iştirakçılar 90,4 kilometr məsafə qət etməlidirlər.