İQTİSADİYYAT
Çində keçirilən sammitdə Azərbaycanın tranzit imkanları təqdim edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın tranzit imkanları Çində keçirilən sammitdə təqdim olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Çin Xalq Respublikasının Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə "Bir Kəmər - Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə sammit keçirilib.
Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Rüfət Bayramov "Bir Kəmər - Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq əlaqələrin inkişafı ilə bağlı dövlət qurumlarının rolu üzrə panel müzakirələrdə çıxış edib. O, sammit iştirakçılarına Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizin tranzit imkanları, infrastrukturun inkişafı ilə bağlı görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib.