DÜNYA
Çində kinoteatrların kassa yığımında yeni rekord qeydə alınıb
Pekin, 15 fevral, AZƏRTAC
Çində ay təqvimi ilə geniş qeyd olunan Yeni il bayramının ilk 3 günü üçün kinoteatrlar 5 milyard yuan (775 milyon ABŞ dolları) dəyərində bilet satıblar.
AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, bu, ölkə tarixində rekord məbləğdir. Kinoteatrlara belə böyük axına səbəb orta və böyük şəhərlərin sakinlərinin COVID-19 pandemiyası ilə əlaqədar xaricə və ölkə daxilində səyahətlərdən çəkinərək, bayram tətilini yaşadıqları yerlərdə keçirməsidir. Kütləvi bayram şənlikləri ləğv edildiyindən şəhər əhalisinin əyləncəli vaxt keçirmək üçün üz tutduğu məkanlardan biri məhz kinoteatrlar olub. Kinoteatrlarda mümkün yoluxma hallarının qarşısını almaq üçün epidemiya əleyhinə sərt qaydalara əməl olunur. Bura hər seansda oturacaq sayının ən çoxu 75 faizinə bilet satılması da daxildir. Paytaxt Pekində isə bu rəqəm 50 faizdir.
Bildirilir ki, kinosevərlərin ən çox izlədiyi film ilk dəfə nümayişə çıxarılan “Detektiv Çin şəhərciyi 3” olub. Həmin film bayram tətilinin birinci günü 1 milyard yuan (154 milyon dollar) kassa yığımı ilə rekorda imza atıb.
Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ötən il Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olub və bütün planet üzrə kassa yığımının 25 faizi Çinin payına düşüb. Çində fəaliyyət göstərən kinoekranların sayı ötən il 5,4 faiz çoxalıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin