DÜNYA
Çində mövsümi yağışlarla əlaqədar fövqəladə hazırlıq səviyyəsi artırılıb
Pekin, 4 iyul, AZƏRTAC
Çində mövsüm yağışlarının törətdiyi sel və daşqın təhlükəsi ilə əlaqədar fövqəladə hazırlıq səviyyəsi 4-cü dərəcədən 3-ə yüksəldilib.
AZƏRTAC xəbər verir ki, mövsümi yağışlarla əlaqədar daşqınlarla mübarizə, qəza-xilasetmə işləri və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə işlər hazırda həlledici mərhələdədir. Ölkə rəhbərliyi məsələni nəzarətə götürüb. Təbii fəlakət bölgələrində əhalinin təxliyəsi, leysanın törətdiyi fəsadların nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olunub.
Siçuan vilayətində iyunun 26-dan başlayan leysanın əmələ gətirdiyi daşqın, sel, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 19-a çatıb. Üç nəfər isə itkin hesab olunur. Şiddətli yağışların ən çox ziyan və tələfat törətdiyi Miennin qəzasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması və axtarış-xilasetmə ilə yanaşı, əhalinin ərzaq, su və zəruri ehtiyac duyulan vasitələrlə təmin olunması, habelə COVID-19 pandemiyası ilə əlaqədar dezinfeksiya işləri də aparılır.
Qeyd edək ki, mayın son günlərindən başlayaraq Çində mövsümi yağışlar ciddi fəsadlar törədib. Çay, göl və su anbarlarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Təbii fəlakət minlərlə sakinin təxliyə edilməsinə səbəb olub. Ölkənin 13 bölgəsində təxminən 12 milyon nəfər mövsümi yağışların fəsadlarından ziyan çəkib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin