DÜNYA
Çində ötən sutka COVID-19 infeksiyasına 103 təsdiqlənmiş, 119 asimptomatik yoluxma qeydə alınıb
Pekin, 22 yanvar, AZƏRTAC
COVID-19 infeksiyasının yenidən yayılmağa başladığı Çində ötən sutka 103 təsdiqlənmiş və 119 asimptomatik yoluxma qeydə alınıb.
AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına istinadla xəbər verir ki, təsdiqlənmiş yoluxmaların 47-i Heyloncian, 19-u Cilin, 18-i Hebey vilayətlərində, qalanları isə paytaxt Pekində, Şanxayda və Şensi vilayətində aşkarlanıb. Yanvarın əvvəlində virusun yeni ocağı Hebey vilayəti hesab olunurdusa, son bir neçə gün ərzində Heyloncian və Cilin vilayətlərində daha çox yoluxma qeydə alınır.
Ötən sutka qeydə alınan 119 asimptomatik halla birlikdə hazırda Çində 929 simptomsuz COVID-19 pasiyenti var ki, Çin tərəfi bu cür simptomsuz halları təsdiqlənmiş COVID-19 xəstələri statistikasına daxil etmir.
Qeyd edək ki, Çində yanvarın ilk günlərindən COVID-19 virusuna yoluxma hallarının sayı çoxalmağa başlayıb. Yanvarın 13-də isə 8 aylıq fasilədən sonra ilk ölüm, yanvarın 14-də və 21-də isə ötən ilin aprelindən sonra gündəlik ən çox yoluxma (144) qeydə alınıb. Hebey vilayətinin Şıciacuan və Sintay şəhərlərində, Pekinin Şunyi və Dasin rayonlarında qapanma, digər vilayətlərdəki bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin