DÜNYA


Çində pərakəndə satışlar 8 faiz artıb

Pekin, 21 yanvar, AZƏRTAC

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ötən il pərakəndə ticarətdə 8 faiz artım qeydə alınıb.

AZƏRTAC Çin Dövlət Statistika Bürosuna istinadla xəbər verir ki, istehlak bazarının əsas göstəricisi olan pərakəndə ticarətin ümumi dəyəri 41,1 trilyon yuana (təxminən 6 trilyon ABŞ dolları) çatıb. Ən çox artım kosmetik vasitələrin, telekommunikasiya avadanlıqlarının, idman və əyləncə məhsullarının satışında müşahidə olunub.

Bildirilir ki, pərakəndə ticarətin son vaxtlar populyar növünə çevrilən elektron ticarətin həcmi 16,5 faiz çoxalaraq 1,4 trilyon dollara çatıb.

Qeyd edək ki, keçən ilin əvvəlində “eMarketer” bazar araşdırmaları şirkəti Çinin 2019-cu ilin nəticələrinə əsasən ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə satış bazarı ünvanına sahiblənəcəyini proqnozlaşdırmışdı. Şirkətin mütəxəssisləri 2019-cu ildə Çində pərakəndə satışın həcminin 7,5 faiz artaraq 5,6 trilyon dollara çatacağını, ABŞ-da isə bu sahə üzrə artımın 3,3 faiz olmaqla ümumi rəqəmin 5,5 trilyon dollar olacağını güman edirdilər. Göründüyü kimi, Çində pərakəndə satışlar "eMarketer"in proqnozundan da yüksək olub.

Mütəxəssislər Çinin pərakəndə satış bazarında bu cür canlanmanı əhalinin gəlirlərinin çoxalması və elektron ticarətin populyarlaşması ilə əlaqələndirirlər. Ölkədə pərakəndə satışın təxminən dörddəbirini elektron ticarət təşkil edir. “eMarketer”in proqnozlarına görə, 2022-ci ildə dünya üzrə bütün elektron pərakəndə satışın 63 faizini Çin təmin edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.