Çində qəzaya uğramış sərnişin təyyarəsinin ikinci qara qutusu tapılıb VİDEO
AzerTAg.az

Pekin, 27 mart, AZƏRTAC
“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” sərnişin təyyarəsinin ikinci qara qutusu da tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qəza ilə əlaqədar yaradılmış fövqəladə vəziyyət qərargahı açıqlama yayıb. Uçuş parametrlərinin, o cümlədən təyyarənin uçuş hündürlüyünün, sürətinin, istiqamətinin avtomatik qeydiyyat sistemi olan qara qutu qəzanın səbəblərinin və şəraitinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Martın 23-də tapılan qara qutu isə pilot kabinəsindəki danışıqların qeydə alındığı cihazdır. Çin Mülki Aviasiya İdarəsi qara qutulardakı məlumatların oxunması üçün 10-15 gün vaxt tələb olunduğunu açıqlayıb.
Qəzaya uğramış təyyarədəki hər iki qara qutu ABŞ-ın “Honeywell” şirkətinin istehsalıdır.
Qeyd edək ki, Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayan təyyarə Quansi Cuan muxtar bölgəsinin Tensiən rayonunda böyük sürətlə dağa çırpılıb və alışıb. Dağlıq və sıx meşəlik ərazidə yağışlı havanın yaratdığı torpaq sürüşmələrinin və palçıq axınının səbəb olduğu çətin şəraitdə aparılmış axtarış işlərinin nəticəsində sərnişin və heyət üzvlərindən heç kim sağ tapılmayıb. Təyyarənin göyərtəsində olan 123 sərnişin və 9 heyət üzvünün hamısı martın 26-da rəsmən ölmüş elan edilib. Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini Hu Cencian axtarış işləri nəticəsində təyyarədə olanlardan heç kimin sağ qalmasına dair iz tapılmadığını bəyan edib. Bildirib ki, müşahidə kameralarının videogörüntülərinin, hava hərəkətini idarəetmə məlumatlarının və qəza yerində dağıntıların strukturunun təhlili qəzadan heç kim sağ çıxmadığını deməyə əsas verib.
Hazırda qəza yerində geniş ərazidə axtarış işləri davam edir. Axtarış işlərinə polis, hərbçilər də daxil olmaqla 7 min nəfər şəxsi heyət, 100-dən çox texnika, xüsusi təlim görmüş itlər cəlb olunub. Axtarış işlərində dronlardan da geniş istifadə edilir. İndiyədək təyyarənin müəyyən hissələrinin irili-xırdalı qalıqları, sərnişinlərin bəzi şəxsi əşyaları, insan cəsədlərinin qalıqları tapılıb. Səlahiyyətli qurumlar ətraf yaşayış məntəqlərində yaşayan sakinlərə şübhəli əşya gördükləri təqdirdə məlumat verməyi xahiş edib. Güman olunur ki, təyyarənin böyük sürətlə dağa çırpılması nəticəsində onun hissəsləri bir neçə kilometr radiusda əraziyə yayılıb.
Bu, “Boeing 737-800” tipli təyyarələrlə bağlı 22-ci, insan tələfatı ilə nəticələnən 10-cu hadisədir. Bu qəza həm də Çin mülki aviasiyasının 11 il yarımlıq təhlükəsiz uçuş seriyasına son qoyub. Çin mülki aviasiyasında bundan əvvəlki sonuncu qəza 2010-cu ilin avqustunda baş vermiş, “Henan Hava Yolları” şirkətinə məxsus “Embraer E-100” tipli təyyarənin Heyloncian vilayətində qəzaya uğraması nəticəsində 44 nəfər ölmüş, 52 nəfər xəsarət almışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Xəbərin mətnində orfoqrafik səhv var