DÜNYA


Çində şiddətli yağışlar 3 nəfərin ölümünə səbəb olub

Pekin, 12 iyul, AZƏRTAC

Çinin müxtəlif bölgələrində müşahidə olunan şiddətli yağışlar insan tələfatına, sakinlərin təxliyəsinə, infrastrukturun dağılmasına səbəb olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, güclü yağışların törətdiyi fəsadlar nəticəsində təkcə Yünnan vilayətində 2 nəfər ölüb, təbii fəlakətdən 269 yaşayış məntəqəsi üzrə 327 min nəfər ziyan çəkib, 21 min hektar əkin sahəsi məhv olub. Yüzlərlə fərdi evə və sosial obyektə, kommunikasiya xətlərinə ziyan dəyib. Vilayətin 95 şəhərində ən yüksək səviyyədə xəbərdarlıq elan olunub.

Siçuan vilayətində bir neçə çayda suyun səviyyəsi təhlükəli həddə çatıb, Çucian çayı isə daşıb. Bu, həmin çayda son 20 ilin ən böyük daşqınıdır. Çayda suyun səviyyəsi xəbərdarlıq həddindən 5,22 metr yuxarı olub. Quanan şəhərində daşqınla mübarizə üzrə ən yüksək səviyyədə fövqəladə hal elan olunub. Mülki müdafiə qüvvələri 180 min sakini təxliyə edib. Şiddətli yağışlar vilayətdə, ümumilikdə yarım milyon nəfərə ziyan vurub. Ümumi maddi ziyan 274 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

Şensi vilayətindəki kurort zonadan keçən çayda bir turistin meyiti tapılıb. Xilasedicilər köməksiz vəziyyətdə qalan və yüngül xəsarət alan 3 nəfəri təxliyə ediblər.

Güclü yağışlar paytaxt Pekində, Çunçin və Tiencin şəhərlərində, Şensi, Liaonin, Hebey, Şandun, Hubey, Ciansu və Hınan vilayətində, habelə Daxili Monqolustan muxtar bölgəsində də ciddi fəsadlar törədib. Çinin meteorologiya qurumu ölkə üzrə 3-cü səviyyədə xəbərdarlıq elan edib. Ölkənin ən iri çaylarından olan Yantzıda suyun səviyyəsinin qalxması daşqın ehtimalını yüksəldib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.