SİYASƏT
Çində təhsil alan və məzun olan azərbaycanlılar Çin səfirliyinə müraciət ediblər
Pekin, 26 oktyabr, AZƏRTAC
Çin universitetlərində təhsil alan, bu ölkənin ali təhsil ocaqlarından məzun olan və hazırda bu ölkədə yaşayan azərbaycanlıların böyük bir qrupu Ermənistan Azərbaycana təcavüzü və Qarabağda davam edən müharibə ilə əlaqədar Çin səfirliyinə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə keçmiş SSRİ-nin dağılması ərəfəsində erməni millətçilərinin Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək planı ilə başlayan separatizm və təcavüz fəaliyyəti, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, mülki insanların qətlə yetirilməsi, zəbt olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin, mədəni irsə qarşı vandalizm aktlarının həyata keçirildiyi əksini tapıb. Həmvətənlərimiz Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilməməsinin dərin təəssüf doğurduğunu bildiriblər.
Qeyd olunub ki, hələ tarixi İpək yolu ilə əsası qoyulan Azərbaycan-Çin əməkdaşlığı hazırda “Bir kəmər, bir yol” təşəbbüsü ilə daha da möhkəmlənir. Həmvətənlərimiz müraciətlərində Çinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daimi dəstəyini bir daha ifadə edəcəyinə, rəsmi Pekinin Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə çağıracağına inandıqlarını bildiriblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin