SİYASƏT
Çində yaşayan soydaşlarımız Novruz bayramını qeyd edəcəklər
Pekin, 16 mart (AZƏRTAC). Çin Xalq Respublikasında yaşayan soydaşlarımız da xalqımızın müqəddəs bayramlarından olan Novruzu qeyd edəcəklər.
Çinin müxtəlif şəhərlərində daimi və müvəqqəti yaşayan azərbaycanlılar, o cümlədən iş adamları, tələbələr Vətəndən uzaqda olmalarına baxmayaraq milli adət-ənənələrimizi daim yaşatmağa çalışırlar.
Novruz bayramının Çində qeyd edilməsi bu ölkədə qədim mədəniyyətimizin, gözəl ənənələrimizin, xalqımızın sülhsevər və qonaqpərvər xarakterinin geniş təbliğinə imkan yaradır.
Azərbaycanın təklifi ilə keçən il BMT-nin Baş Məclisi tərəfindən bütün dünyada martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi barədə qərarın qəbul olunması bir çox ölkələrdə, o cümlədən Çində də bu bayrama marağı artırmışdır. Beynəlmiləl xarakter alan Novruz sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə xidmət edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin