CƏMİYYƏT
Çində yayılan koronavirusun mənbəyinin yarasalar olduğu güman edilir
Pekin, 22 yanvar, AZƏRTAC
Çində yayılan və 9 nəfərin ölümünə səbəb olan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) mənbəyinin vəhşi heyvan olduğu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Qao Fu belə açıqlama verib. O, Çində 440 nəfərin yoluxduğu virusun Uxan şəhərindəki dəniz məhsulları və ət bazarında qanunsuz satılan vəhşi heyvanlardan yayıldığını güman etdiklərini deyib.
Çində bir qrup alimin araşdırmalarının nəticələrinə dair onlayn elmi jurnalın saytında yerləşdirilən məqalədə isə yeni koronavirusun yarasalardan yayılma ehtimalı qeyd olunur. Məqalədə yeni koronavirusun genetik olaraq Şiddətli Kəskin Respirator Sindromuna (SARS) daha yaxın olduğu bildirilib. Amma nə SARS, nə də MERS (Orta Şərq Respirator Sindromu) olan yeni virus betakoronaviruslar ailəsinə aiddir və vəhşi heyvanlara, ev heyvanlarına və insanlara yoluxa bilir. Tədqiqatçılar yeni koronavirusun SARS kimi eyni ötürülmə mexanizminə malik ola biləcəyini ehtimal edirlər.
Xatırladaq ki, dekabrın 31-də Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Həkim və mütəxəssislərin araşdırmaları nəticəsində sətəlcəmə koronavirusun indiyədək bilinməyən növünün səbəb olduğu müəyyən edilib. İlkin mərhələdə virusa yoluxanların əsas hissəsi həmin bazarda çalışan və oranın daimi müştəriləri olub. Artıq bazar dezinfeksiya edilib və fəaliyyətinə müvəqqəti qadağa qoyulub.
Çin tərəfi məsələ barədə Dünya Səhiyyə Təşkilatını (DST) məlumatlandırıb.
Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin kliniki əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.
Son məlumatlara əsasən, Çin ilə yanaşı Tailand, Cənubi Koreya, Yaponiya, ABŞ və Çinin Makao xüsusi inzibati bölgəsində də bu virusa yoluxma halları qeydə alınıb.
Çində koronavirusun yayılması ilə DST fövqəladə hallar komitəsinin yanvarın 22-də Cenevrədə təcili iclası çağırılıb. İclasda virusla üzləşən ölkələrin nümayəndə heyətləri də iştirak edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin