DÜNYA
Çində yerli yoluxmaların davam etməsi əhalinin peyvəndə marağını artırıb

Pekin, 18 may, AZƏRTAC
Çində son günlər ölkə daxilində COVID-19 virusuna yoluxma hallarının davam etməsi əhalinin peyvəndə olan marağını artırıb.
AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində ölkə daxilində ötürülmə yolu ilə 4 təsdiqlənmiş və 2 asimptomik yoluxma aşkarlanıb. Bütün yoluxmalar son günlərin Çindəki 2 virus ocağı olan Anhuy vilayətinin Luan şəhərində və Liaonin vilayətinin İnkou şəhərində qeydə alınıb. Hər 2 şəhərin yoluxma halları baş verən yaşayış məntəqələrində əhali 2-ci dəfə kütləvi şəkildə koronavirus testindən keçirilir. Yoluxanlarla yaxın təmasda olanlar təcrid edilib və həkim nəzarəti altındadırlar.
Yoluxmalar səbəbindən virus ocağı olan yaşayış məntəqələrində uşaq bağçalarının, məktəblərin və digər təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Buraxılış sinifləri istisna olmaqla dərslər distant formada təşkil olunur.
Qeyd edək ki, Çində 20 gün aradan sonra mayın 14-də ölkə daxilində COVID-19 virusuna yoluxmalar aşkar edilib.
Sonuncu yoluxmalardan əhalinin peyvəndə olan marağı çoxalıb. Belə ki, gündəlik peyvənd olunanların sayı 10 milyonu ötüb. Keçən gün bu rəqəm 14 milyon təşkil edib ki, bu göstərici üzrə Çin dünyada 1-ci yerdədir. Çində indiyədək əhaliyə 422 milyon doza peyvənd vurulub. Çin bu göstərici üzrə də dünyada ilk sıradadır. Vaksinasiyada “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan 3 inaktiv peyvənddən istifadə olunur. Yaxın günlərdə bu siyahıya “CanSino” şirkətinin rekombinant adenovirus peyvəndi də əlavə olunacaq.
Çin şirkətlərinin istehsalı olan COVID-19 peyvəndlərinə dünyada maraq böyükdür. Çin vaksinlərinin təcili istifadəsinə icazə verən ölkələrin sayı getdikcə artır. Bu vaksinlərdən Avropa, Latın Amerikası, Afrika və Asiyanın təxminən 70 ölkəsində, o cümlədən, Azərbaycanda vaksinasiya prosesində istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin