DÜNYA
Çində yüksək risk qrupundan olanlara 23 milyon doza COVID-19 peyvəndi vurulub
Pekin, 28 yanvar, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi çərçivəsində xüsusi risk qrupundan olan şəxslərə ümumilikdə 23 milyon doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, hökumət şərq xalqlarının Ay təqvimi ili qeyd olunan Yeni il bayramı (11-17 fevral) tətilinədək 50 milyon nəfərə 2 dozada peyvənd vurulmasını başa çatdırmağı planlaşdırıb.
Qeyd edək ki, əvvəlcədən elan olunduğu kimi Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. Qış-yaz mövsümünü əhatə edəcək ilk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunacaqlar.
Peyvəndlər iri həcmdə bazara daxil olandan sonra ikinci mərhələ başlayacaq və bütün əhalinin vaksinasiyasına imkan yaranacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin