DÜNYA


Çində zəlzələ bölgəsində daha 8 nəfərin meyiti tapılıb VİDEO

Pekin, 8 sentyabr, AZƏRTAC

Çinin cənub-qərbindəki Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələnin səbəb olduğu dağıntılar altından daha 8 nəfərin meyiti tapılıb. Bununla da, ölənlərin sayı 82-yə çatıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, vilayətin Qanzi Tibet muxtar prefekturasında baş vermiş təbii fəlakət nəticəsində 270 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 80 nəfərinin vəziyyəti ağırdır. Son məlumata əsasən, 35 nəfər itkin düşmüş hesab olunur. Amma bu rəqəmin artmaq ehtimalı böyükdür. Çünki zəlzələ vaxtı bölgədəki əhalinin sayı barədə dəqiq məlumat yoxdur. Ekspertlər artıq dağıntı altından kiminsə sağ tapılması ehtimalının xeyli az olduğunu bildirirlər.

Axtarış-xilasetmə işlərinə xeyli texnika, 9 helikopter, 7 minə yaxın canlı qüvvə, o cümlədən hərbçilər, xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları, tibb işçiləri cəlb olunub. Axtarış-xilasetmə işlərində Çin ordusunun qərb korpusunun quru qoşunları və hərbi hava qüvvələri də iştirak edir. Bundan başqa, axtarış-xilasetmə işlərində kommunikasiya və müşahidə peyklərindən, habelə pilotsuz uçuş aparatlarından alınan məlumatlardan da istifadə olunur. Axtarış-xilasetmə işləri ilə paralel olaraq təbii fəlakət bölgəsindən əhalinin təxliyəsi də həyata keçirilir. Ərazinin dağlıq olması və yaşayış məntəqələrinin bir-birindən 10 kilometrlərlə aralıda yerləşməsi axtarış və təxliyə işlərinin ləngiməsinə səbəb olan əsas amillərdəndir. Bundan başqa, afterşoklar və yağış axtarış-xilasetmə işlərini ləngidir. Təbii fəlakətə görə evlərini tərk edənlərin yerləşdirilməsi üçün 3 min çadır və 10 min çarpayı ayrılıb.

Qeyd edək ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasının Ludin rayonunda sentyabrın 5-də yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 8:52) 6,8 bal gücündə zəlzələ olub. Zəlzələdən ötən müddətdə 10 afterşok qeydə alınıb. Yeraltı təkanlar nəticəsində çox sayda yaşayış binasına, fərdi evə, infrastruktura, o cümlədən kommunikasiya və elektrik xətlərinə, su kəmərlərinə, 7 su elektrik stansiyasına ciddi ziyan dəyib. Episentri hündürlüyü 7556 metrə çatan dağ silsiləsində olan zəlzələ bəzi yerlərdə torpaq sürüşməsinin yaranmasına, nəticədə avtomobil yollarının bağlanmasına səbəb olub. Hayluoquo buzlaq təbiət parkına da ziyan dəyib, ora gedən yollar keçilməz hala düşüb. Bu səbəbdən xilasedicilər zəlzələnin təsirinə məruz qalmış dağlıq zonadakı bəzi yaşayış məntəqələrinə piyada getməli olublar.

Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət zonasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Hökumət təbii fəlakətlə əlaqədar Qanzi Tibet prefekturasının və Yaan şəhərinin hər birinə 50 milyon yuan (təxminən 7,25 milyon ABŞ dolları) vəsait ayırıb. Çin Kommunist Partiyası da təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 20 milyon yuan (2,9 milyon dollar) ayırıb. Partiyanın təşkilat departamenti üzvlərə müraciət edərək zəlzələ bölgəsində aparılan işlərə hər cür dəstək göstərməyi xahiş edib.

Ekspertlər isə həmin bölgədə yaşayan əhalini zəlzələdən sonra meydana gələ biləcək digər təbii fəlakətlərə, o cümlədən torpaq sürüşmələrinə və dağlarda qaya axıntılarına hazır olmağa səsləyib. Belə ki, zəlzələ nəticəsində qayaların çatlayaraq axıntı yaratması, nəticədə çayların önünün kəsilməsi, daşqınların yaranması istisna edilmir.

Xatırladaq ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Burada tez-tez müxtəlif gücdə zəlzələlər qeydə alınır. Bunlardan ən dağıdıcısı isə 2008-ci ilin mayında baş verən 8 ballıq zəlzələdir. Həmin zəlzələ 70 min nəfərin ölümünə və təxminən 18 min insanın itkin düşməsinə səbəb olmuşdu.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.