DÜNYA


Çində zəlzələ nəticəsində ölənlərin sayı 74-ə çatıb VİDEO

Pekin, 7sentyabr, AZƏRTAC

Çinin cənub-qərbindəki Siçuan vilayətində sentyabrın 5-də baş verən 6,8 bal gücündə zəlzələdə ölənlərin sayı 74-ə çatıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, ölüm hallarının 40-ı zəlzələnin baş verdiyi Qanzi Tibet muxtar prefekturasında, 34-ü isə qonşu Yaan şəhərinin Şimien rayonunda qeyd alınıb. Təbii fəlakət nəticəsində 259 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib. Onlardan 5 nəfərinin vəziyyəti kritik, 70 nəfərinin vəziyyəti isə ağır qiymətləndirilir. Ən son məlumata əsasən, 26 nəfər itkin düşmüş hesab olunur. Tikililərin dağıntıları altında insanların qalması ehtimalı böyükdür. Onların axtarışlarına xeyli texnika, 9 helikopter, 6650 nəfər canlı qüvvə, o cümlədən hərbçilər, xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları, tibb işçiləri cəlb olunub. Axtarış-xilasetmə işlərində Çin ordusunun qərb korpusunun quru və hərbi hava qüvvələri də iştirak edir.

Qeyd edək ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında sentyabrın 5-də yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 8:52) 6,8 bal gücündə zəlzələ olub. Zəlzələdən ötən müddətdə ərazidə 10 afterşok qeydə alınıb. Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub. Yeraltı təkanların episentri olan Ludin rayonunda 5 kilometr radiusunda bir neçə kənd var. Elə dağıntı və tələfatın əsas hissəsi də həmin yaşayış məntəqələrində qeydə alınıb. Zəlzələ nəticəsində çox sayda tikiliyə, o cümlədən yaşayış binalarına, fərdi evlərə, infrastruktura ciddi ziyan dəyib. Zəlzələ bəzi yerlərdə torpaq sürüşməsinin yaranmasına, nəticədə avtomobil yollarının bağlanmasına səbəb olub. Bu səbəbdən xilasedicilərin zəlzələnin təsirinə məruz qalmış dağlıq zonadakı bəzi yaşayış məntəqələrinə çatmasına xeyli vaxt sərf edilib. Bundan başqa, afterşoklar və yağış axtarış-xilasetmə işlərinə mane olur.

Bundan başqa, kommunikasiya və elektrik xətlərinə, su kəmərlərinə, 7 su elektrik stansiyasına ziyan dəyib.

Zəlzələ qonşu prefekturalarda, hətta episentrdən 200 kilometrdən çox məsafədə yerləşən Siçuan vilayətinin paytaxtı Çendu şəhərində də hiss olunub.

Çinin Fövqəladə Halların İdarəedilməsi Nazirliyi təbii fəlakət zonasında ən yüksək səviyyədə fövqəladə hazırlıq elan edib. Ətraf ərazilərdən bölgəyə texnika və xilasedicilər cəlb olunub. Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib. Hökumət təbii fəlakətlə əlaqədar Qanzi Tibet prefekturasının və Yaan şəhərinin hər birinə 50 milyon yuan (təxminən 7,25 milyon ABŞ dolları) vəsait ayırıb. Vəsait axtarış-xilasetmə işlərinə, təbii fəlakətdən zərər görən sakinlərin təxliyəsinə və yerləşdirilməsinə, dağılmış tikililərin bərpasına yönəldiləcək. Təbii fəlakətə görə evlərini tərk edənlərin yerləşdirilməsi üçün 3 min çadır və 10 min çarpayı ayrılıb.

Ekspertlər isə həmin bölgədə yaşayan əhalini zəlzələdən sonra meydana gələ biləcək digər təbii fəlakətlərə, o cümlədən torpaq sürüşmələrinə və dağlarda qaya axıntılarına hazır olmaq barədə xəbərdarlıq edib. Belə ki, zəlzələnin episentri hündürlüyü 6500 metrə çatan dağlıq əraziyə düşüb. Ona görə də, zəlzələ nəticəsində qayaların çatlayaraq axıntı yaratması, nəticədə çayların önünün kəsilməsi istisna edilmir. Bundan başqa, qarşıdakı günlərdə gözlənilən güclü yağışların təbii fəlakət zonasında vəziyyəti bir qədər də çətinləşdirə biləcəyi söylənilir.

Xatırladaq ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Burda tez-tez müxtəlif gücdə zəlzələlər qeydə alınır. Bunlardan ən dağıdıcısı isə 2008-ci ildə baş verən 8 ballıq zəlzələdir. Həmin zəlzələ 70 min nəfərin ölümünə və təxminən 18 min insanın itkin düşməsinə səbəb olmuşdu.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.