DÜNYA
Çindəki Türkiyə vətəndaşları dörd məntəqədə səs verirlər VİDEO

Pekin, 5 may, AZƏRTAC
Çində müvəqqəti və daimi yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə prosesinə start verilib.
AZƏRTAC xəbər verir ki, səsvermə Türkiyənin Pekindəki səfirliyində, habelə Şanxay, Quancou və Honkonqdakı baş konsulluqlarında mayın 5-i səhər saat 9:00-dan mayın 7-si saat 21:00-dək keçiriləcək. Seçici siyahısına 4 min 344 Türkiyə vətəndaşının adı daxil edilib.
Pekindəki səfirlikdə təşkil olunan məntəqədə ilk səs verənlərdən biri Türkiyənin Çindəki səfiri İsmayıl Haqqı Musa olub. O, jurnalistlərə açıqlamasında səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun olaraq, azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib.
Qeyd edək ki, xaricdəki Türkiyə vətəndaşlarının səs verməsi üçün 73 ölkədə 150-dən çox seçki məntəqəsi qurulub. Xaricdə yaradılan seçki məntəqələrində aprelin 27-də başlayan səsvermə prosesi mayın 9-dək davam edəcək.
Builki seçkilərdə xarici ölkələrdə 3,5 milyon Türkiyə vətəndaşının səs verməsi gözlənilir. Ən çox seçici Almaniyada - 1,5 milyon nəfər, ən az seçici isə Braziliyada yaşayır- 581 nəfər. Türkiyə Yüksək Seçim Qurumunun məlumatına əsasən, mayın 4-dək xaricdə və sərhəd-gömrük keçid məntəqələrində səs verənlərin sayı 1 milyonu ötüb.
Xaricdəki məntəqələrdə səsvermə prosesi bitdikdən sonra istifadə olunmuş seçki bülletenləri xüsusi təyyarə reysləri və ya diplomatik kuryer xidməti vasitəsilə Türkiyəyə çatdırılacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin