REGİONLAR
Çindən ölkəmizə 1 milyon tut tingi gətirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Çin Xalq Respublikasından ölkəmizə 1 milyon tut tingi gətirilib.
AZƏRTAC xəbər verir ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb.
Respublikaya gətirilmiş tut tinglərindən ibarət yüklər Heydər Əliyev adına Hava Limanından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaq.
Yeni çəkil bağlarının salınmasında və əkilmiş tinglərə aqrotexniki qulluq işlərinin həyata keçirilməsində yerli bağbanlara metodiki köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən müvafiq videotövsiyələr, bukletlər, yaddaş vərəqələri və digər maarifləndirici materiallar hazırlanıb və Çin şirkətinin mütəxəssisləri respublikaya dəvət ediliblər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin və Çin şirkətinin mütəxəssisləri birlikdə fermer və sahibkarlara metodiki tövsiyələr verəcəklər.
Gətirilən çəkil tingləri fermer və sahibkarlara ödənişsiz əsaslarla paylanılacaq. Gətirilmiş tinglər fitosanitar baxışdan keçirilib və bu gündən artıq rayonlarda əkinə başlanılıb.
Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub.
Bu il noyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı, həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda barama istehsalçılarının assosiasiyasının yaradılması da əks olunub. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə 2018-2019-cu illərdə barama istehsalçılarının assosiasiyasının yaradılması tapşırılıb.
Tədbirlər Planında baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi də qeyd olunub. Həmçinin tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələri, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələri yaradılacaq, barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.
Hazırda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.