REGİONLAR
Çindən ölkəmizə gətirilən tut tinglərinin 50 mini Balakən rayonunda əkilib
Balakən, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 50 mini Balakən rayonu ərazisində əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2016-2018-ci illərdə rayon ərazisində 439 mindən çox tut tingi əkilib. Bunun 226 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 213,5 min ədədi isə yerli tut tingləridir.
Şahin Rəhimli qeyd edib ki, builki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb.