MƏDƏNİYYƏT


“Çingiz Aytmatov və müasir dövrün çağırışları” Forumu başa çatıb

İssık-Kul, 8 oktyabr, AZƏRTAC

Qırğızıstanın Çolpon-Ata şəhərində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı keçirilən “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı üçüncü Beynəlxalq İssık-Kul Forumu başa çatıb.

Tədbirə dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçı qatılıb.

Ölkəmizi bu forumda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov, professor, kulturoloq Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil edib.

Forumda bölmələr üzrə “Müasir dünyanın və mədəniyyətlərin özünəməxsusluğu: Dünya bizi dəyişdi, biz dünyanı dəyişdik”, “Mənəvi dəyərlər və humanizm: Hər gün insan ola bilmək”, “Ekoloji mühit və təhlükəsizlik: Hamımız eyni dünyada yaşayırıq” mövzularında sessiyaları keçirilib.

Forumun plenar və bölmə iclaslarında məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi, həmçinin humanizm, müasir iqtisadi problemlər, xalqların milli və mədəni dəyərlərinin qorunması məsələləri də müzakirə olunub.

Forum çərçivəsində Azərbaycan alimləri İsa Həbibbəyli, Fuad Məmmədov və Mehman Həsənov çıxışı ediblər və onların çıxışları maraqla qarşılanıb.

Sonda Forum iştirakçıları dünya liderlərinə müraciət qəbul ediblər.

Qonaqlar üçün bədii proqram da təşkil edilib. İssık-Kul gölünün sahilində Çingiz Aytmatovun əsərləri əsasında tamaşa göstərilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İssık-Kul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.