İDMAN
Çingiz Hüseynzadə: Azərbaycan çempionatında Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılar müəyyənləşəcək
Bakı, 8 iyun, AZƏRTAC
Atletika üzrə 92-ci Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub. Çempionata maraq böyükdür. Çünki bu çempionatda fərqlənən idmançılar arasından iyulda ölkəmizdə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək əsas heyəti müəyyənləşdiririk.
Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə iyunun 8-də AZƏRTAC-a müsahibəsində bildirib.
Çempionatın iştirakçıları arasından, həmçinin bu il digər beynəlxalq yarışlarda da mübarizə aparacaq idmançıların seçiləcəyini vurğulayan federasiya prezidenti üçtəkanla tullanma və 100 metr məsafəyə qaçış yarışlarında artıq yaxşı nəticələrin əldə olunduğunu vurğulayıb. Ç.Hüseynzadə Avropa Gənclər Olimpiya Festivalında çıxış edəcək idmançılarımızın 100 metr məsafəyə qaçış, uzunluğa və üçtəkanla tullanma, lövhəatma yarışlarında yüksək nəticələr qazanacaqlarına əminliyini bildirib.