İDMAN


Çingiz Hüseynzadə: İnanırıq ki, Tokio Olimpiadası da bizim üçün uğurlu olacaq

Bakı, 24 iyul, AZƏRTAC

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi əvvəlkilərdən fərqlənirdi. Açılış mərasimlərində həmişə görkəmli incəsənət ustaları, aktyorlar iştirak edirlər. Bu dəfə onlar iştirak etmirdilər. Həmçinin iştirakçıların sayı az idi, tamaşaçılar arenaya buraxılmadı, komandalar səhnəyə tam heyətlə çıxmadılar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə danışarkən deyib.

MOK-un vitse-prezidenti bildirib: “Tədbirdə məhdudiyyətlər çox olsa da, texnoloji cəhətdən bəzi maraqlı hadisələr baş verdi. Ümumilikdə, pandemiya şəraiti nəzərə alınaraq, açılış mərasimi əvvəlkilərlə müqayisə oluna bilməz. Əsas odur ki, tədbir baş tutdu, Oyunlar başladı”.

Koronavirusla əlaqədar Yaponiyada ciddi hazırlıq tədbirlərinin getdiyini deyən Ç.Hüseynzadə bildirib ki, idman obyektlərinə daxil olan zaman ciddi yoxlamalar xeyli vaxt itkisinə səbəb olur. İdmançılar və nümayəndə heyətlərinin üzvləri hər gün test verirlər. Bu məsələ tam nəzarət altındadır.

İdmançılara uğurlar arzulayan MOK rəsmisi nəticələrlə bağlı proqnoz verməyin mümkün olmadığını söyləyib: “Yarışlar çətin olacaq. Hər gün nə isə baş verə bilər. Olimpiya kəndində hər gün kifayət qədər insan koronavirusa yoluxur. İdmançılar yarışlardan kənarlaşdırılır. Ona görə də proqnoz vermək mümkün deyil. Ancaq ümidlə yaşayırıq ki, idmançılarımızın nəticələri yaxşı olsun. İnanırıq ki, budəfəki Olimpiada da bizim üçün uğurlu alınacaq”.

Azərbaycan Tokio Olimpiadasında idmanın 13 növü üzrə 44 atletlə təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.