ORDU
Çingiz Məmmədov: Ordumuzun arsenalındakı “Polonez”, “LORA” və digər silahlar düşmənin istənilən obyektini məhv edə bilər
Bakı, 3 dekabr, AZƏRTAC
“Lazarev klubu”nun Yerevanda keçirilən iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı Ermənistanın hazırkı rəhbərliyinə ünvanlanmış xəbərdarlıqdır.
Bunu rusiyalı ekspertin fikirlərini AZƏRTAC-a şərh edən ehtiyatda olan general-leytenant Çingiz Məmmədov deyib.
Çıxışda diqqəti cəlb edən məqam ondan ibarətdir ki, V.Yevseyev hazırkı vəziyyətin Ermənistan və qondarma “Dağlıq Qarabağ respublikası”nın ordusu üçün əlverişsiz olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin isə hərbi təchizat baxımından üstünlüyünü aşkar şəkildə etiraf etməklə N.Paşinyan hökumətini illər əvvəl müəyyən olunan siyasi kursdan çıxmamağı məsləhət görməsidir. Bir sözlə, onun çıxışının əsas məğzi Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinin bu ölkə üçün olduqca təhlükəli olduğunu anlatmaqdır. Eyni zamanda, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Polonez”, “LORA” və bu günədək nümayiş etdirilməyən digər silahlar Ermənistanın ərazisində istənilən obyektləri məhv etməyə qadirdir. Bu səbəbdən də rəsmi İrəvan hazırkı reallığı dərk etməli, müharibə ritorikasından əl çəkməli və münaqişənin həllində konstruktivlik nümayiş etdirməlidir. Əks halda, Ermənistan Azərbaycan Ordusunun gücünü hiss edəcək”, - deyə general-leytenant Ç.Məmmədov bildirib.