SİYASƏT


Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq

Bakı, 15 yanvar, Əsəd Məmmədov, AZƏRTAC

Azərbaycanda cəmiyyətin bütün sahələrində yeniləşmə, təkmilləşmə prosesi gedir. Bu da öz növbəsində, dövlət idarəçilik sisteminin köhnə formasından imtina etməyi və yeni, təkmilləşdirilmiş idarəçilik formasına keçidi zəruri edir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatlarının gözlənildiyini Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirmişdi. Dövlətimizin başçısı daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanılacağını qeyd etmişdi. İclasdan üç gün sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, bir çox dövlət qurumları ləğv edildi və ya digər qurumlara birləşdirildi. Prezidentin dövlət idarəçiliyində struktur islahatlarına başlaması zamanın tələbidir. Azərbaycan cəmiyyəti dövlətimizin başçısının bu addımını alqışlayır və dəstəkləyir.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan dinamik və hərtərəfli şəkildə, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir. Qazanılan bu uğurların davamlılığını təmin etmək üçün səmərəliliyi aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi doğrudan da bir zərurətə çevrilib. Bir-birini təkrarlayan, təxminən eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının olmasına həqiqətən də ehtiyac yoxdur. Prezident də vurğulayıb ki, daha çevik və səmərəli idarəçilik formasına keçməyin zamanı çatıb.

Çingiz Qənizadə qeyd edib ki, paralel strukturların ləğvi və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət edilməsinə gətirib çıxaracaq. Struktur islahatları biznes mühitinin daha da təkmilləşdirilməsi, qeyri-neft ixracının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə özünü doğruldacaq. Dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. İslahatlar sahibkarlığın və biznesin inkişafına daha çox fayda verəcək. Dövlətimizin başçısının həyata keçirdiyi struktur islahatları Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsini, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılmasını və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin edəcək.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səmərəli dövlət idarəetmə aparatı formalaşdırılmaqla davamlı və tarazlaşdırılmış iqtisadi inkişaf təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.