SİYASƏT


Çinin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 13-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Çin arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Vey Cinhua fəaliyyət müddəti ərzində Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinin, bu səfər çərçivəsində ÇXR-in Sədri Si Cinpin ilə görüşünün, eləcə də bu ölkənin xarici işlər naziri Van İnin bu yaxınlarda Bakıya ilk rəsmi səfəri də daxil olmaqla, tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Səfir Vey Cinhua Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyinə dair mövqeyini bir daha ifadə edib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Vey Cinhuana təşəkkürünü bildirib. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib.

Elmar Məmmədyarov ölkəmizin Çinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək verməklə bağlı prinsipial mövqeyini alqışladığını vurğulayıb.

Sonda Elmar Məmmədyarov səfir Vey Cinhuaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.