İQTİSADİYYAT


Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ticarəti 1,3 trilyon dollara çatıb

Pekin, 18 yanvar, AZƏRTAC

Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi tərəfdaş ölkələrlə ticarət dövriyyəsinin ümumi məbləği ötən il 9,2 trilyon yuana (1,3 trilyon ABŞ dolları) çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Baş Gömrük Administrasiyası məlumat yayıb. Bildirilir ki, Çinin “Bir kəmər, bir yol” ölkələri ilə ötənilki ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 10,8 faiz artıb.

Statistikaya əsasən, Çinin 2014-2019-cu illər üzrə "Bir kəmər, bir yol" ölkələri ilə ticarəti 6,4 trilyon dollardan çox olub. Çin strategiya üzrə 25 tərəfdaş ölkənin ən böyük ticarət tərəfdaşıdır.

Qeyd edək ki, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasında özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və nəqliyyat-logistika potensialı ilə vacib rol oynayır. Bu təşəbbüs, eyni zamanda, iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir, müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Prezident İlham Əliyevin keçən ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu çərçivədə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini göstərir.

Coğrafi-iqtisadi baxımdan əvəzolunmaz üstünlükləri olan bu dəhliz “Bir kəmər, bir yol”un icrası baxımından böyük əhəmiyyət daşıyır. Ötən ilin 10 ayının nəticələrinə əsasən, Azərbaycanla Çinin ticarət dövriyyəsi təxminən 2 dəfə artıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.