DÜNYA
Çinin C919 sərnişin təyyarəsinin daha bir uçuş sınağı keçirilib VİDEO
Pekin, 24 oktyabr, AZƏRTAC
Çin istehsalı olan C919 sərnişin təyyarəsinin daha bir sınaq uçuşu keçirilib.
AZƏRTAC xəbər verir ki, Şanxay şəhərindəki Pudon beynəlxalq hava limanından göyə qalxan təyyarə bir saat 37 dəqiqəlik sınaq uçuşundan sonra hava limanına uğurlu eniş edib. Sınaq uçuşu zamanı təyyarənin xüsusi hava şəraitinə, o cümlədən aşağı və yüksək temperatura dözümlülüyü, hava gəmisinin elektrik təchizatı, ətraf mühitə nəzarət sistemi yoxlanılıb.
Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsal etdiyi C919 təyyarələrinin ilk sınağı 2017-ci ildə keçirilib. Bundan sonra daha 3 sınaq uçuşu, habelə statik testlər və yerüstü yoxlama testləri baş tutub.
Qeyd edək ki, C919 tipli ilk sərnişin təyyarəsinin istehsalı 2015-ci ilin noyabrında başa çatıb. Standart uçuş məsafəsinin 4075 kilometr olduğu dar füzelyaja malik C919 “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur. İki mühərrikli təyyarə göyərtəsində 158 sərnişin daşıya biləcək. COMAC bu təyyarələri 2021-ci ildən istismara verməyi planlaşdırıb.
Beləliklə, Çin qlobal aviasiya bazarına çıxmaqla yanaşı, Avropa, ABŞ və Rusiya ilə bərabər, böyük avialayner istehsalçıları siyahısında dördüncü yerə yüksəlir. COMAC artıq 23 yerli və xarici aviaşirkətdən 500-dən çox təyyarə üçün sifarişlər aldığını bildirib. Xüsusən Çinin 3 ən böyük aviasiya şirkətindən biri olan “China Eastern Airlines” bu təyyarələrə daha böyük maraq göstərir. Yerli KİV-lərin məlumatına əsasən, yeni avialayner təxminən 50 milyon ABŞ dollarına başa gəlir ki, bu da “Boeing-737” və “Airbus A320” təyyarələrinin qiymətindən iki dəfə ucuzdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin