DÜNYA
Çinin Çançun şəhərində qapanma elan edilib VİDEO
Pekin, 12 mart, AZƏRTAC
Son günlər COVID-19 virusuna yoluxma hallarının çoxalması səbəbindən Çinin Cilin vilayətinin mərkəzi və ən böyük şəhəri olan Çançunda qapanma elan edilib.
AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, şəhərdəki bütün yaşayış məhəllələrinə giriş-çıxış bağlanıb. Sakinlərə ciddi səbəb olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub, onlar 3 dəfə PCR testi verməlidirlər. İctimai nəqliyyatın, taksilərin, habelə şəhərlərarası avtobusların fəaliyyəti dayandırılıb.
Vilayətin digər şəhəri olan Cilində isə epidemiya ilə mübarizəni düzgün təşkil etmədiyinə görə şəhər meri vəzifəsindən uzaqlaşdırılıb.
Ümumiyyətlə, martın 1-dən bəri Çində yerli yoluxmalar davamlı olaraq artır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka 476 təsdiqlənmiş və 1048 asimptomatik yoluxma aşkarlanıb. Sutkalıq bu cür yüksək rəqəmlər Çində COVID-19 böhranının qızğın vaxtlarında (2020-ci il yanvar-fevral ayları) qeydə alınırdı. Yoluxmaların əsas hissəsi “omikron” ştamı ilə əlaqəlidir. Yoluxmalar paytaxt Pekin də daxil olmaqla təxminən 50 şəhərdə aşkarlanıb. Artıq Çinin maliyyə mərkəzi və ən iri şəhərlərindən olan Şanxayın bütün orta məktəblərində əyani tədris müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, indiyədək Çinin materik hissəsində COVID-19 virusuna 113 min 528 nəfər yoluxub. Bu rəqəmə asimptomatik hallar daxil deyil. Hazırda Çində virusa yoluxmuş 5 min 461 pasiyent müalicə alır, onlardan 6 nəfərinin vəziyyəti ağırdır. İndiyədək 4 min 636 nəfər infeksiyanın qurbanı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin