İQTİSADİYYAT
Çinin Çindao şəhərində “Azərbaycan Ticarət Evi” açılıb VİDEO
Çindao, 26 aprel, AZƏRTAC
Azərbaycanın rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarının Çin bazarında satışının təşviqi məqsədilə bu ölkədə daha bir “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, ticarət evi Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin dəstəyi ilə Çindao şəhərindəki “Çin-Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nda açılıb. Açılış mərasimində Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çindao şəhər hökumətinin daimi komitəsinin üzvü, “Çin-ŞƏT iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nın rəhbəri Lyu Ciəncün və digər şəxslər iştirak ediblər.
Bildirilib ki, bu, “Çin-ŞƏT iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nda ən böyük ticarət evidir. Sahəsi 245 kvadratmetr olan “Azərbaycan Ticarət Evi”ndə 45 növ məhsul, cümlədən, xalça, şərab, brendi, nar şərabı, digər spirtli içkilər, meyvə şirələri, kompot, mürəbbə, turşu, şokolad kremi, çay, badımcan kürüsü və sair həm nümayiş olunur, həm də satışı həyata keçirilir. Bundan başqa, ticarət evində Azərbaycanın iqtisadi inkişafı, investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı da təqdim edilir.
Bu, Azərbaycanın Çində sayca 3-cü ticarət evidir, digər iki ticarət evi Lucou və Liənyünqan şəhərlərində fəaliyyət göstərir. Bundan əlavə, Çinin Urumçi və Şanxay şəhərlərində 3 “Azərbaycan Şərab Evi”, Şanxay, Cinan, Harbin və Liənyünqan şəhərlərində isə dörd “Azərbaycan Ticarət bölməsi” fəaliyyət göstərir. İlin sonuna kimi, Çinin Siçuan vilayətinin paytaxtı olan Çendu şəhərində daha bir “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulub.
Qeyd edək ki, “Çin-ŞƏT iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası” Çin Xalq Respublikasının Sədri Si Cinpinin göstərişi ilə 2018-ci ilin aprelində yaradılıb. Burada Şanxay Əməkdaşlıq Təşkilatının üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan 18 ölkənin iştirakı ilə ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığa dair müxtəlif layihələr həyata keçirilir.
Çindao şəhəri Çinin ən böyük iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, iri liman şəhəridir. 2018-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə ev sahibliyi edən Çindao şəhəri ŞƏT çərçivəsində iqtisadi-ticari əməkdaşlığın episentrinə çevrilib. Hər il Çindaoda ŞƏT-də təmsil olunan ölkələrin iştirakı ilə beynəlxalq investisiya və ticarət sərgisi, paralel olaraq təşkilatın regional iqtisadi və ticarət əməkdaşlığı forumu keçirilir.
Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunan Azərbaycan da həmin tədbirlərdə fəal iştirak edir. Əvvəlki illərdə olduğu kimi, builki beynəlxalq investisiya və ticarət sərgisində vahid ölkə stendində də “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullarımız nümayiş olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çindao