DÜNYA


Çinin “DJI” dron şirkəti Rusiya və Ukraynadakı fəaliyyətini dayandırır

Çinin “DJI” dron şirkəti Rusiya və Ukraynadakı fəaliyyətini dayandırır

Pekin, 27 aprel, AZƏRTAC

Çinin dron istehsalı üzrə məşhurlaşan “DJI Technology” şirkəti Rusiya və Ukraynadakı fəaliyyətini müvəqqəti olaraq dayandıracağını açıqlayıb.

AZƏRTAC “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, baş ofisi Çinin texnologiya mərkəzi hesab olunan Şencen şəhərində yerləşən şirkət məsələyə dair qısa açıqlamasında qərarın müxtəlif yurisdiksiyalarda uyğunluq tələblərinin daxili qiymətləndirilməsindən sonra qəbul edildiyini bildirib. Bununla “DJI Technology” Çinin Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyada fəaliyyətini dayandıran ilk iri texnologiya şirkəti olub.

Qeyd edək ki, Ukrayna rəsmiləri, habelə qərb ölkələrinin bəzi dairələri dünyada mülki dron istehsalında 54 faizlik paya sahib olan “DJI Technology” şirkətinin məhsullarının Rusiya qoşunları tərəfindən Ukraynadakı hərbi əməliyyatlarda istifadə olunmasına dair iddialar səsləndirib. Martın əvvəlində Ukrayna Baş nazirinin müavini Mixail Fyodorov Rusiya qoşunlarının raketlərin naviqasiyası üçün “DJI Technology” şirkətinin dronlarından istifadə etdikləri barədə fikirlər səsləndirib. Şirkət buna cavab olaraq bildirmişdi ki, hər hansı dronu fərdi qaydada deaktiv edə bilməz. Martın sonunda elektronika və məişət avadanlığının pərakəndə satışı üzrə Avropanın ən iri şəbəkəsi olan “MediaMarkt” Rusiya qüvvələrinə dəstək verməsi iddiası ilə “DJI Technology” şirkətinin məhsullarını satışdan çıxarıb. Çin şirkəti bu iddiaları rədd edərək, məhsullarının insanların həyatını yaxşılaşdırmaq və yalnız mülki məqsədlər üçün istehsal olunduğunu bildirib.

Ümumiyyətlə, başda ABŞ olmaqla qərb ölkələri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya tətbiq olunan sanksiyalara, xüsusən də Rusiyaya texnoloji avadanlığın ixracı ilə bağlı sanksiyalara Çinin də qoşulmasını istəyir. Rəsmi Pekin isə istənilən ölkəyə birtərəfli sanksiyaların tətbiqinə qarşı olduğunu bəyan edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.