DÜNYA
Çinin Dövlət Şurasının üzvü: Rəsmi Pekin G20 Sammitində qlobal iqtisadi problemlərin həllinə dair mühüm ideyalar irəli sürüb
Bakı, 14 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin G20 Sammitində qlobal iqtisadi problemlərin həlli ilə bağlı bir neçə mühüm ideya irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikası Dövlət Şurasının üzvü Yan Tszeçi Xançjouda G20 Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında səsləndirib. O deyib: “Si Cinpin öz çıxışında beş mühüm ideya irəli sürüb. Bu ideyalar 13-cü beşillik planda irəli sürülmüş beş mühüm inkişaf ideyası ilə səsləşir: innovasiyalar, harmoniya, ekoloji tarazlıq, açıqlıq və inkişaf məhsullarının birgə istifadəsidir. Bunlar Çinin gələcək inkişafının möhtəşəm yol xəritəsini əks etdirir və Çinin inkişafı, ölkənin iqtisadi perspektivləri barədə beynəlxalq birliyin narahatlığına effektiv cavab kimi xidmət edəcək”.
“Si Cinpin öz nitqində, həmçinin ilk dəfə qlobal iqtisadiyyatın idarə olunmasında Çin konsepsiyasını tam şəkildə səsləndirib. ÇXR-in rəhbəri qeyd edib ki, qlobal iqtisadiyyatın idarə edilməsi bərabər hüquq əsasında həyata keçirilməli, açıqlığa istiqamətlənməlidir, onun hərəkətverici qüvvəsi əməkdaşlıq, məqsədi isə inkişaf məhsullarından birgə istifadə etmək olmalıdır. Qlobal maliyyə idarəetməsinin ədalətli və yüksək səmərəli strukturunu, qlobal ticarət və investisiya idarəetməsinin açıq və şəffaf strukturunu, qlobal enerji ehtiyatları idarəedilməsinin ekoloji və aşağı karbonlu strukturunu, qlobal inkişafın inklüziv və qarşılıqlı əlaqəli strukturunu birgə formalaşdırmaq lazımdır”, - deyə Yan Tszeçi əlavə edib.