DÜNYA


Çinin Hubey vilayətində hava nəqliyyatı bərpa olunub VİDEO

Pekin, 29 mart, AZƏRTAC

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Hubey vilayətində fəaliyyəti dayanmış hava limanlarında sərnişin və yük təyyarələrinin uçuşları bərpa olunub.

AZƏRTAC xəbər verir ki, vilayətin inzibati mərkəzi olan Uxan şəhəri istisna olmaqla vilayət ərazisindəki hava limanları 2 aylıq fasilədən sonra martın 29-da normal fəaliyyətə başlayıb. İlk uçuş "Fuzhou Airlines" şirkətinə məxsus təyyarənin 64 sərnişinlə İçan şəhəri hava limanından qalxaraq Fucou istiqamətində yola düşməsi olub.

Çin Mülki Aviasiya Administrasiyasının məlumatına əsasən, uçuşlardan əvvəl hava limanları dezinfeksiya olunub, işçilərə isə xüsusi təlim keçirilib. Hava limanlarında sərnişinlərin bədən hərarətini ölçən termal kameralar quraşdırılıb. COVID-19 infeksiyasının əlamətləri olan sərnişinlərin izolyasiyası üçün xüsusi məntəqələr də hazırlanıb.

Qeyd edək ki, dekabrın son günlərində Uxan şəhərində aşkarlanan COVID-19 infeksiyasının sürətlə yayılması ilə əlaqədar yanvarın 24-də Uxan ilə yanaşı Hubey vilayətinin bir neçə şəhərində xüsusi karantin rejimi tətbiqinə başlanılmışdı. Karantin rejimi ilə əlaqədar həmin şəhərlərdən kənara bütün nəqliyyatın hərəkəti dayandırılmışdı. Son günlər ölkədə, o cümlədən virusun ən çox yayıldığı Hubey vilayətində epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində karantin rejiminin aradan qaldırılması mülki aviasiyanın fəaliyyətinin bərpasına da imkan yaradıb. Martın 25-dən başlayaraq Uxan şəhəri istisna olmaqla Hubey vilayətindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Uxanda isə şəhərdaxili ictimai nəqliyyatın hərəkəti bərpa olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.