DÜNYA
Çinin Kaşğar şəhərinə giriş-çıxış dayandırılıb
Pekin, 26 oktyabr, AZƏRTAC
Çinin Sincan-Uyğur muxtar bölgəsinin Kaşğar şəhərində 138 nəfərin COVID-19 virusuna yoluxması aşkarlandıqdan sonra şəhərə giriş-çıxış dayandırılıb.
AZƏRTAC Kaşğar prefekturasının hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, oktyabrın 24-də Şufu rayonunda bir nəfərin virusa yoluxması təsdiqləndikdən sonra prefekturada kütləvi test prosesinə başlanılıb. İndiyədək 2,83 milyon nəfər testdən keçib, 334 min nümunənin cavabları çıxıb və nəticədə daha 137 nəfərin simptomsuz COVID-19 pasiyenti olduğu aşkarlanıb. Bildirilir ki, Şufu da daxil olmaqla prefekturanın 4,75 milyon sakininin test edilməsi nəzərdə tutulub.
Davam edən epidemioloji təhqiqat işləri çərçivəsində virusa yoluxanlarla yaxın təmasda olan şəxslər müəyyən olunur. Bu məqsədlə Kaşğardan kənara hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə sərnişin daşınması dayandırılıb. Ən yüksək səviyyədə fövqəladə hazırlıq dərəcəsi elan olunub. Kaşğara kənardan 600 nəfərlik tibbi heyət cəlb edilib.
Hələlik yoluxma zəncirinin kimdən başladığı bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin