DÜNYA
Çinin “Şencou-12” kosmik missiyasının ilk kosmonavtları Yerə qayıdıblar VİDEO
Pekin, 17 sentyabr, AZƏRTAC
Çinin kosmik stansiyasının quraşdırılması üçün nəzərdə tutulan “Şencou-12” (“Shenzhou-12”) missiyasının kosmonavtları 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, kosmonavtlar Nie Hayşen, Liu Bomin və Tan Honbonuvu gətirən “Şencou-12” kosmik gəmisinin xüsusi kapsulu sentyabrın 17-də səhər saatlarında Çinin Daxili Monqolustan muxtar bölgəsində “Donfen” meydançasına enib. Bu, Çinin kosmosda ən uzun müddət qalan insan missiyası olub.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiyanın quraşdırılması üçün ilk insan missiyasının olduğu “Şencou-12” kosmik gəmisi iyunun 17-də orbitə göndərilmişdi. “Şencou-12” gəmisi daha əvvəl orbitə çıxarılmış kosmik stansiyanın “Tianhe” adlı əsas modulu ilə birləşdikdən sonra kosmonavtlar modula keçərək kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri, həmçinin bir neçə dəfə açıq kosmosda bəzi tapşırıqları yerinə yetiriblər.
Çinin kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından təşkil ediləcək. Ümumi çəkisi 70 ton olacaq və quraşdırılması gələn ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların 3-də stansiyanın modullarının, 4-də yük gəmilərinin, digər 4-də isə kosmonavtların uçuşu nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin