DÜNYA
Çinin “Şencou-15” missiyasının kosmonavtları altı aydan sonra Yerə qayıdıblar
Pekin, 4 iyun, AZƏRTAC
Çinin kosmik stansiyasının quraşdırılmasında iştirak etmiş “Şencou-15” (“Shenzhou-15”) missiyasının kosmonavtları 6 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, kosmonavtlar Fey Cunlon (heyətin kapitanı), Den Çinmin və Can Lunu gətirən “Şencou-15” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə iyunun 3-də axşam 21:29-da “Tienqon” (“Tiangong”) kosmik stansiyasından ayrılıb. Kapsul iyunun 4-də səhər saat 6:33-də Qobi səhrasındakı “Donfen” meydançasına enib. Həkimlər kosmonavtların sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu açıqlayıblar. Onlar xüsusi təyyarə ilə Pekinə yola salınıb.
Qeyd edək ki, “Şencou-15” missiyasına ötən il noyabrın 30-da start verilib. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirib, açıq kosmosda bir neçə əməliyyat icra ediblər. “Şencou-15” missiyasını kosmik stansiyada mayın 30-da start verilmiş “Şencou-16” missiyasının 3 kosmonavtı əvəzləyib. “Şencou-16” missiyasının təxminən 5 ay kosmosda qalması planlaşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin