CƏMİYYƏT


Çinin Şenyanq şəhərinin nümayəndə heyəti Qaradağ rayonunda olub

Bakı, 12 iyul, AZƏRTAC

Çinin Liaoninq əyalətinin Şenyanq şəhərinin Xarici Əlaqələr İdarəsinin rəisi Vanq Jinqyinqinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Qaradağ rayonunda olub. Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqlara Azərbaycandakı investisiya mühiti haqqında məlumat verib, son vaxtlarda Azərbaycan ilə Çin arasında olan ticarət dövriyyəsindən danışıb.

O bildirib ki, Azərbaycan və Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara gedib çıxır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri Çin-Azərbaycan əlaqələrinin təməlini qoyub və bu, əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərib. Ötən müddət ərzində ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr sahəsində bir çox sazişlər imzalanıb. Hazırda Azərbaycanın biznes və investisiya imkanları, ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şərait və güzəştlər, həmçinin Azərbaycanın tranzit potensialı xarici sərmayədarlar üçün geniş imkanlar açıb. Əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin və Qaradağ rayonunun bu üstünlüyündən səmərəli istifadə olunması üçün Prezident İlham Əliyev tərəfindən strateji qararlar qəbul edilib. Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəni Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubla (İran və Hindistan) və Şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmir yolu xətti məhz Ələtdə kəsişir. Liman Xəzər dənizi regionunda ən böyük sənaye və logistika zonasına çevrilməkdədir.

Görüşdə qeyd edilib ki, son dövrlərdə Qaradağ rayonu Çinin bir sıra vilayətləri ilə qarşılıqlı əlaqələr qurub.

Sonra qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılmış şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.