DÜNYA
Çinin Tiencin şəhərində sərt karantin tədbirlərinin tətbiqinə başlanılıb
Pekin, 20 noyabr, AZƏRTAC
Çinin iri şəhərlərindən olan Tiencində daha 4 nəfərin yerli ötürülmə yolu ilə COVID-19 virusuna yoluxması aşkarlandıqdan sonra şəhərdə sərt karantinin tədbirlərinin tətbiqinə başlanılıb.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, müvafiq test yoxlanışından sonra Kanhaysuan məhəlləsinin 3 sakini, habelə evlər idarəsinin bir əməkdaşının virus daşıyıcısı olduğu aşkarlanıb və onlar təcrid edilərək xəstəxanaya yerləşdiriliblər. Məhəllə yüksək riskli zona elan edilib və giriş-çıxış dayandırılıb, geniş dezinfeksiya işlərinə başlanılıb.
Tiencinin liman rayonunda yerləşən həmin məhəllədə yaşayan 2 minə yaxın sakin karantinə cəlb olunub. Bu məhəllə sakinlərinin işlədikləri yerlərdə isə bütün əməkdaşların test edilməsinə başlanılıb. Bundan başqa, məhəllə sakinlərinin övladlarının oxuduğu məktəblər və uşaq bağçaları da qapadılıb.
Qeyd edək ki, yeni növ koronavirusa ilk yoluxma ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanıb. Yanvar və fevral ayında virus Çində sürətlə yayılsa da, mart ayından etibarən yoluxmalar azalıb. Son aylar isə Çində əsasən xaricdən gələn şəxslərdə virusa yoluxma halları aşkarlanır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin