DÜNYA
Çinin bir milyarddan çox sakini koronavirusa qarşı tam peyvənd olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Çində artıq bir milyarddan çox insan koronavirusa qarşı tam peyvənd olunub. Bu, ölkə əhalisinin təxminən 70 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi ÇXR-in Milli səhiyyə komissiyasına istinadla məlumat yayıb. Komissiyanın nümayəndəsi Mi Fen Pekində jurnalistlərə bildirib ki, sentyabrın 15-dək ölkə sakinləri ümumilikdə 2,16 milyard doza vaksin vurdurub. Bu da dünya üzrə vurulan vaksin dozasının (5,18 milyard) üçdəbirindən çoxdur.
Agentliyin məlumatına görə, Pekinin yaşlı əhalisinin 97 faizindən çoxu COVID-19 infeksiyasına qarşı tam vaksinasiya edilib.
Hazırda vaksinasiya tempinə görə Çin Avropa İttifaqını və ABŞ-ı qabaqlayır. Belə ki, ABŞ-da əhalinin yalnız yarısı koronavirusa qarşı tam peyvəndlənib. Bununla belə, Pekin pandemiya ilə bağlı tətbiq edilən sərt məhdudiyyətləri yumşaltmağı planlaşdırmır.
Worldometer statistika saytının son məlumatına əsasən, COVID-19 pandemiyasının başlanğıcından bəri Çində 95,5 min yoluxma halı qeydə alınıb, virusa yoluxmuş 4 min 635 nəfər vəfat edib.