DÜNYA


Çinin daha bir şəhərində koronavirusun ikinci dalğası müşahidə olunur VİDEO

Pekin, 30 iyul, AZƏRTAC

Çinin şimal-şərqindəki Liaonin vilayətinin sahil şəhəri olan Dalyanda yeni növ koronavirusun (COVID-19) yayılmasının ikinci dalğası müşahidə olunur.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, iyulun 22-də şəhərdəki dəniz məhsulları emalı müəssisəsi ilə əlaqəli ilk yoluxma faktı aşkarlanandan sonra təsdiqlənmiş yoluxanların sayı artaraq 57-yə, asimptomik xəstələrin sayı isə 34-ə çatıb. Şəhər rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün sərt karantin tədbirlərinin tətbiqinə başlayıb. Belə ki, 1614 mədəni, əyləncə-istirahət və turizm obyektləri, o cümlədən muzeylər, teatr və kinoteatrlar, incəsənət qalereyaları, internet kafelər, karaoke klubları orta və yüksək riskli zonalar elan olunaraq, onların fəaliyyəti dayandırılıb. Bundan başqa, aşağı riskli zona kimi təsnifatlandırılan ictimai binalara giriş-çıxış bağlı elan olunub, uşaq bağçaları bağlanıb. Şəhərin 3 rayonunda ictimai nəqliyyatın, o cümlədən taksilərin fəaliyyəti məhdudlaşdırılıb. Dalyanı yalnız koronavirus testinin nəticəsi neqativ olanlar tərk edə bilər.

Virusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində Dalyanda kütləvi test prosesinə başlanılıb. Bu işə təxminən 18 min tibb işçisi cəlb olunub. İndiyədək 4 milyona yaxın sakin testdən keçib.

Artıq paytaxt Pekin də daxil olmaqla, Çinin 9 şəhərində Dalyan ilə əlaqəli yoluxma halları qeydə alınıb.

Qeyd edək ki, 7 milyon əhalisi olan Dalyan şəhərində martdan sonra yoluxma aşkarlanmamışdı. Dalyan Pekin və Urumçidən sonra Çində koronavirusun ikinci dalğasının müşahidə olunduğu növbəti şəhərdir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.