DÜNYA
Çinin dövlət müşaviri: Əfqanıstanın problemlərinin həlli üçün beynəlxalq ictimaiyyət daha çox dəstək göstərməlidir
Pekin, 26 oktyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada Çinin dövlət müşaviri, xarici işlər naziri Van İ ilə Əfqanıstandakı “Taliban” hökumətinin Baş nazirinin müavini vəzifəsini icra edən Molla Əbdül Bəradər arasında görüş olub.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, görüşdə Əfqanıstandakı siyasi və iqtisadi vəziyyət, humanitar məsələlər, terror təhdidləri, dövlət idarəçiliyi ilə bağlı problemləri müzakirə olunub. Çinin xarici siyasət idarəsinin rəhbəri Əfqanıstanın üzləşdiyi problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin daha çox anlayış və dəstək göstərməsinə ehtiyac olduğunu vurğulayıb.
Van İ Talibanı qonşularına qarşı dost münasibət nümayiş etdirməyə, xalqın istəyinə və zamanın tələbinə uyğun olaraq modern dövlət qurmağa çağırıb. “Çin hər zaman Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır”, - deyən Çin XİN-in rəhbəri əlavə edib ki, rəsmi Pekin əfqan xalqının öz taleyini özünün müəyyənləşdirməsini və müstəqil inkişaf yolu seçməsini dəstəkləyir.
Molla Əbdül Bəradər Əfqanıstandakı vəziyyət barədə danışaraq deyib ki, Taliban ölkədə dövlətin bütün təsisatlarının normal fəaliyyətinin bərpası istiqamətində səylərini davam etdirir. O, Çin də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Əfqanıstana humanitar böhrandan çıxmaq və düzgün inkişafa yoluna düşmək üçün yardım göstərəcəyinə ümid etdiyini bildirib.
Taliban rəsmisi Çin ilə münasibətlərə böyük önəm verdiklərini deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin