DÜNYA


Çinin etirazlarına baxmayaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Tayvana gəlib

Pekin, 2 avqust, AZƏRTAC

Rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi Tayvan adasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətini gətirən ABŞ hərbi hava qüvvələrinə məxsus “Boeing C-40C” təyyarəsi yerli vaxtla saat 22:44-də (Bakı vaxtı ilə 18:44) Taypeyin “Sonqşan” hava limanına enib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.

Çin Mərkəzi Televiziyası ölkənin hərbi hava qüvvələrinə məxsus bir neçə “Su-35” təyyarəsinin Tayvan boğazı üzərindən keçməsi barədə məlumat yayıb.

Qeyd edək ki, rəsmi Pekin Birləşmiş Ştatların Nümayəndələr Palatasının sədri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına səfərinə bir neçə dəfə sərt etirazını bildirib. Ötən müddətdə Çin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin rəsmiləri Nensi Pelosinin Tayvana səfərinə Çin ordusunun lazımi cavab verəcəyini bəyan ediblər. İyulun 28-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Bayden ilə virtual görüşdə Tayvan mövzusunda toxunaraq, “od ilə oynayanın sonda özünü yandıracağ”ını deyib.

Ekspertlər Nensi Pelosinin Tayvana səfərinin və Çinin hərbi reaksiyası da daxil olmaqla, sərt etirazının yeni münaqişəyə səbəb olacağını da istisna etmirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.